Yeməkləri seçən uşaqlar

YEMƏKLƏRİ  SEÇƏN  UŞAQLAR

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir. Buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər. Əziz analar, övladınızın qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün uşaqları məcbur etmək onlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır.

Yemək seçimini artırın. Əgər övladınız yemək mövzusunda sizi incidirsə, onu məcbur etmədən yeni ləzzətləri sınaqdan keçirməsini tövsiyə edə bilərsiniz. Özünüz də bunda iştirak etsəniz, övladınız üçün yemək yeməyi əyləncəli bir hala gətirəcəksiniz. Uşağınız üçün sınanması gərəkən yeni yeməklərin siyahısını tərtib edin və bunu bir oyun halına gətirin. Bu gün axşam yeməyində hansı ləzzəti sınaqdan keçirdək? Hətta “Yemək Lotereyası” adında bir oyun belə uydura bilərsiniz. Uşağınızın daha əvvəl sınadığı amma sevmədiyi bir yeməyi ikinci dəfə sınamağını təmin edə bilərsiniz. Bəzən birinci dəfə bəyənilməyən bir yemək, ikinci sınaqda uşağa ləzzətli gələ bilər. Bunu özünüz də uşağınızın qarşısında edərək ona nümunə ola bilərsiniz. Keçmişdə yediyiniz və sevmədiyiniz bir yeməyi təkrar yeyin və ona ikinci bir şans verdiyinizi, çünki insanların dad hissiyatının dəyişə biləcəyini izah edin. Digər bir unikal yol isə tərəvəzləri və ya yeməkdən imtina etdiyi məhsulu sevdiyi bir yeməyin içərisinə əlavə etmədir. Məsələn, övladınız ispanaq yemirsə, sevdiyi bir yeməyin tərkibinə az miqdarda ispanaq əlavə edə bilərsiniz. Bu zaman diqqətli olub, yeni əlavə olunan məhsulun miqdarını düzgün nizamlamaq lazımdır. Əks halda övladınızın sevdiyi yeməyi də sevməməyinə səbəb ola bilərsiniz. Tərəvəzləri püre halına gətirib təqdim etmək və ya toyuq, ət yeməklərinin içinə qatmaq daha effektivdir.

Ana aşpaza çevrilməməlidir. Uşaqlar axşam yeməyini bəyənmədiyi zaman bir çox valideynlər başqa bir şey hazırlamağa özünü məcbur hiss edir. Bu doğru bir davranış deyil. Burada bir məqama diqqət yetirmək lazımdır: ana övladın gözündə aşbaza çevrilməməlidir. Uşağınız bir yeməyi bəyənmədiyində ona fərqli bir yemək hazırlamağa cəhd etməyin. Bunun yerinə başqa variantlar ola biləcəyini də unutmayın, məsələn sürətli hazırlanan bir salat və ya bir kasa qatıq ilə çörək. Bu üsulla həm valideynlərin üzərindəki təzyiq qalxır, həm də yemək seçən uşaq istəmədiyi bir şeyi yemək məcburiyyətində qalmır. Bundan əlavə, əgər yedikləri yeməyin içərisində sevmədikləri bir şey varsa, "o yeməyi yemək olmaz" düşüncəsindən uşaqları uzaqlaşdırmaq lazımdır. 

Birlikdə yemək hazırlayın. Yeməyi birlikdə hazırlamaq yemək mövzusunda seçici davranan uşaqlar üçün faydalı olacaq. Məsələn, uşağınızı dükana apara bilər və tərəvəzləri ondan seçməsini istəyə bilərsiniz. Müxtəlif yeməkləri uşağınızla birlikdə dadın. Uşağınız öz dad duyğusundakı müəyyən yenilikləri kəşf edə bilər. Məsələn, turş alma yerinə, şirin alma sevdiyini. Birlikdə yemək bişirmək uşaqların yeni bir yeməyi sevmələri üçün ən effektiv üsullardan biridir. Uşağınızla birlikdə xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş reseptləri sınayın. Birlikdə yeməyi seçdikdən sonra, ondan müəyyən yardımlar alın, məsələn yeməyi onun qarışdırmasını istəyin. Mətbəxdə övladınıza nəzarət edərək ondan hər zaman yardım ala bilərsiniz. Uşaqlar valideynlərinə kömək etdikdə və bir işi bacardıqlarını hiss etdikdə çox xoşbəxt olurlar. Nəticədə birlikdə bişirdiyiniz yeməyi sizdən daha çox və həvəslə yemək istəyəcək.

“Övladım ət yemir, nə edə bilərəm?” Ət uşaqların inkişafı üçün olduqca əhəmiyyətlidir. Bəzi uşaqlar əti sərt və ya qoxulu olduğu üçün sevmirlər və yeməkdən imtina edirlər. Uşaq əti sərtliyinə görə yeməkdə çətinlik çəkirsə, onu küftə halında təqdim edə bilərsiniz. Qoxusundan narahat olduğunu söyləyirsə, xoş qoxulu ədviyyatlarla bişirə bilər və ya quzu ətinə görə bir az daha yüngül iy verən dana ətini seçə bilərsiniz. Heç bir şəkildə ət yemək istəməyən uşaqlara başda mərci olmaqla paxlalı bitkilərlə zəngin bir yemək verə bilərsiniz. Hər səhər yumurta yemək, az ət yeyən uşaqların zülal ehtiyacını qarşılamaq üçün əhəmiyyətlidir. Makaron kimi sevdiyi bir yeməyin içərisinə az miqdarda ət əlavə edərək yeməsini təmin edə bilərsiniz.