Nağılların uşaq psixologiyasında önəmi

Nağılların uşaqların psixoloji inkişafında önəmi və dəyərli təsirləri var. Nağıl oxuyarkən bir yandan nağılı oxuyan insanla uşaq arasında kommunikasiya qurulur, digər yandan uşağın bütün zehni fəaliyyəti hərəkətə keçir. Oxuduğu və ya dinlədiyi nağıllardakı obrazlar haqqında xəyal quran uşaq, hadisələrin inkişafına görə yaxşını, pisi, yaxud doğrunu, yanlışı ayırd etməyi öyrənir. Əsasən qız uşaqları qız, oğlan uşaqları isə oğlan obrazları ilə bağlılıq hiss edirlər. Beləliklə, gələcəkdəki şəxsiyyətlərinin zəminini hazırlamağa başlayırlar. 4-5 yaşına gəlmiş bir uşaq nağıllarda danışılan bir çox hadisənin əslində real olmadığını bilir. Onsuz da “biri var imiş, biri yox imiş” deyərək başlayan nağılların məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı, nağılı oxuyan insanın da uşağa bəzən fövqəl hadisələrin yalnız nağıllarda ola biləcəyini deməsində fayda var. Əslində uşaqların nağıllardan götürməkləri lazım olan şey onların xəyal dünyasına xitab etməkdi.

Nağıllar hər zaman yaxşıların qalib gəldiyi hekayədir. Nağıllar səbrli davrananların gec-tez məqsədlərinə çatdıqları, yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox hallarda fiziki gücdən üstün olduğu hekayədir. Nağıl sevginin bir çox məfhumdan daha dəyərli olduğunu, dostluğun çox önəmli olduğu hekayədir. “Çirkin ördək balası”, “Ağbəniz”, “Cırtdan”, “Qırmızı papaq”, “Məlikməmməd” kimi nağıllarda obrazlar əvvəllər çox çətinliklərlə qarşılaşsalar da, nəticədə mütləq yaxşılar qalib gəlir. Ümumi olaraq, nağıllarda cəmiyyətlərin marağına uyğun ünsürlər olsa da, nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tabu və davranışlarını əks etdirir. Buna görə də uşaqlarımızın, əvvəlcə öz nağıllarımızı oxuması daha faydalıdır.

Son zamanlarda valideynlər gərgin iş rejimi səbəbilə övladlarına nağıl oxuya bilmədiklərini deyirlər. Bundan əlavə animasiyaların və serialların həyatımıza girməsiylə birgə uşaqlar nağıl oxumaq, dinləmək yerinə bu tip proqramları izləməyi sevir. Üstəlik uşaqların bəzən özlərinə xitab etməyən serial və proqramları izləmələri və ya şiddət səhnələri ilə dolu, doğru mesajlar verməyən animasiyalarla vaxt keçirmələri hələ şəxsiyyət kimi formalaşmadıqları üçün onların gələcəklərinə də birbaşa təsir edir. Ailələr övladlarının gündəlik həyatında vizual, yaxud yazılı media ilə qarşı-qarşıya gəldiyi məşhurlar, uğurlu biznesmenlər və siyasətçilər haqqında müsbət mesajlar daşıyan və uşaqlarına yaxşını, doğrunu, çalışqan olmağın və çətinliklər qarşısında əsla dayanmadan əlindən gələnin ən yaxşısını etməyin vacibliyini göstərən nümunə hekayələr danışa bilərlər. Bu formada uşaq çevrəsində olub bitənlərdən ən müsbət şəkildə dərs alacaq, mənfi təsirləri ən aza endirəcək.